İstifadə olunmayan dayanacaq  kimə lazımdır? - FOTO

18:43 16.03.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın elə yerləri var ki, təzə qoyulmuş dayanacaqlardan istifadə olunmur. Orada nə avtobus saxlaya bilir, nə də ki,  sərnişin gəlir. Belə ərazilərdən biri də Sabunçu rayonunun Bakıxanov  qəsəbəsi, Səməd Mehmandarov  küçəsi, 44-də yerləşən Uşaq Aləmi mağazasının yaxınlığında səkinin üstündə quraşdırılmış  şəffaf marşrut dayanacağıdır.

Sözügedən marşrut dayanacağı piyada yolunun düz üstündə qoyulub. Bu, bir tərəfdən sakinlərin hərəkətinə mane olur. Digər tərəfdən, dayanacağın qabağını yaşıllıq zolağı, təxminən,  40-50 il bundan əvvəl əkilmiş iri ağaclar kəsib.  Ağacların qabağında isə taksilər saxlayır, yolun özü isə çox ensizdir.Yəni dayanacaq  lüzumsuz yerdə tikildiyinə görə, marşrut avtobusları onun qabağında saxlaya bilmir. Məcbur olub dayanacağa, təxminən, 80-100 metr qalmış ərazidə saxlayırlar. Bununla da nə sərnişinlər,  nə də marşrut avtobusları bu dayanacaqdan bəhrələnə bilir. Həmin yolla çoxlu sayda marşrut avtobusları paytaxtın müxtəlif istiqamətinə hərəkət edir. Paytaxtda bu cür istifadəsiz dayanacaqlar kifayət qədərdir.